“Qəzza yanır. ÇAXAL (İsrail ordusu) terror infrastrukturuna dəmir yumruqla zərbələr endirir və əsgərlərimiz girovların azad edilməsi və HƏMAS-ın məğlubiyyəti üçün şərait yaratmaq üçün mərdliklə döyüşür. Missiyamız yerinə yetirilənə qədər geri çəkilməyəcəyik və təslim olmayacağıq”, - Kats yazıb.
Mənbələrə və İsrail və ərəb KİV-lərinə istinad edən Amerikanın “Axios” portalı həftələrlə davam edən bombardman və hava hücumlarından sonra İsrail ordusunun sentyabrın 16-na keçən gecə Qəzzaya hücuma başladığı barədə məlumat yayıb.
Maraqlıdır ki, ABŞ-nin Dövlət katibi Marko Rubionun İsrail liderləri ilə görüşündən bir neçə saat sonra İsrailin Hərbi Hava qüvvələri Qəzzaya qarşı kütləvi hava zərbələri endirib.
- Rubio İsrailin baş naziri Binyamin Netanyahuya bildirib ki, Vaşinqton quru əməliyyatını dəstəkləyir, lakin onun tez bir zamanda həyata keçirilməsini və mümkün qədər tez bitməsini istəyir. Rubio quru əməliyyatına qarşı əyləci basmayıb”, - iki israilli məmur portala açıqlamalarında vurğulayıblar.

Amerikalı məmurlardan biri isə qeyd edib ki, ABŞ İsraili dayandırmaq fikrində deyil və Qəzzadakı müharibə ilə bağlı Təl-Əvivin özünün qərarlarını qəbul etməyə icazə verir: “Bu, Trampın müharibəsi deyil, Bibinin (Netanyahunun ləqəbi) müharibəsidir və bundan sonra baş verəcək hər şeyə görə məsuliyyət daşıyacaq”.
|
| İsrail Qətərdə HƏMAS-ın rəhbərliyini bombalayıb | VİDEO |
Fələstin mənbələrinə istinad edən “Əl-Cəzirə” telekanalı İsrail tanklarının Qəzza şəhərinin mərkəzinə daxil olduqlarılnı bildirib.

“Ynet” nəşri Qəzza zolağından gələn xəbərlərə əsasən yazır ki, İsrail ordusu 20 dəqiqə ərzində döyüş helikopterləri də daxil olmaqla şəhərə 37 zərbə endirib.
“İsrailin Qəzzaya hücumuna etiraz edənlər baş nazir Binyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında çadırlar qurublar. Polis İsrail baş nazirinin iqamətgahından 300 metr radiusda ərazini mühasirəyə alıb”, - qəzet həmçinin diqqətə çatdırıb.
Xatırladaq ki, bir həftə əvvəl İsrailin Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək səviyyəli rəhbərliyinə qarşı məqsədyönlü hücum həyata keçirib. Onda “Axios” portalı İsrailin bu hərəkətinin Ağ Evi heyrətə gətirdiyini yazmışdı.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


